Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkiləri üçün hazırlıqların effektiv şəkildə həyata keçirildiyini, lakin seçkilərin rəqabət və fundamental azadlıqlara hörmətdən məhrum olduğunu qeyd edirlər
BAKI, 2 sentyabr 2024-cü il – Beynəlxalq müşahidəçilər bu gün yaydıqları bəyanatda bildiriblər ki, Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlıqlar effektiv şəkildə həyata keçirilsə də, fundamental azadlıqları və kütləvi informasiya vasitələrini həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə təşkil olunan seçkilər seçicilərə həqiqi siyasi alternativ təklif etməyib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) və ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) birgə müşahidə missiyası belə qənaətə gəlib ki, son parlament seçkilərindən bəri seçki qanunvericiliyi mahiyyət etibarilə dəyişməmişdir və bu seçkilər isə DTİHB-nin əvvəlki tövsiyələrini diqqətdən kənarda qoyub. Namizədlərin qeydiyyat prosesi həddən artıq çətin qaydalar, qeyri-ardıcıl tətbiq olunan prosedurlar və namizədlərin təzyiq hallarına istinad edərək namizədliklərini geri çəkməsi halları ilə müşahidə olunmuş, siyasi partiyalar üçün tətbiq edilən yeni qaydalar isə onların qeydiyyatında əlavə məhdudiyyətlərin yaranmasına gətirib çıxarmışdır.
"Bu seçkilər məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutdu ki, bunun da nəticəsində seçki prosesinə zərər vuran süst və aşağı maraq doğuran kampaniya ilə bərabər siyasi pluralism çatışmamazlığı müşahidə olundu", - xüsusi coordinator və ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri Maykl Krid bildirib. “Bundan başqa, seçki komissiyaları daxilində hakim partiyaya yaxın üzvlərin üstünlük təşkil etməsi, habelə müstəqil yerli müşahidəçilərin çıxışına məhdudiyyət qoyulması demokratik seçkilərin əsasını təşkil edən şəffaflıq və inklüzivlik prinsiplərinə ziddir”.
Dünənki seçkilərdə iştirak etmək üçün 6,4 milyon seçici qeydə alınıb. Bu göstərici seçki yaşına çatmış vətəndaşların sayından təxminən 1,2 milyon azdır ki, bu da məlumatların dəqiqliyi və seçici siyahısının əhatə dairəsi ilə bağlı suallar doğurur. Seçkilərə hazırlıqlar effektiv şəkildə həyata keçirilməsi və seçicilər üçün isə geniş məlumatlandırma kampaniyasının aparılması ilə bərabər, seçkilərin idarə olunması faktiki olaraq çoxluq təşkil edən partiya tərəfindən həyata keçirilirdi və bu onun qərəzsizliyinə və prosesin bütövlüyünə təsir etdi. Müşahidəçilər açılış və səsvermə proseslərinin nizamlı və səmərəli təşkilini qeyd ediblər. Bununla belə, mühüm prosedurların və təminatların tətbiqində, xüsusən də səslərin hesablanması zamanı ciddi pozuntular və uyğunsuzluqlar olub ki, bu da ümumilikdə prosesin bütövlüyü ilə bağlı narahatlıqları artırıb.
Seçki kampaniyası, o cümlədən onlayn formada, demək olar ki, nəzərə çarpmırdı. Müşahidəçilərə bildirilib ki, dövlət sektorunun əməkdaşları və digər şəxslər kampaniya tədbirlərinə getməyə məcbur ediliblər ki, bu isə seçicilərin cəzalandırılmaqdan qorxmadan sərbəst səs verə bilməsi ilə bağlı narahatlıqlar yaratmışdır. Eyni zamanda, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbs və saxlanma hallarının artması, eləcə də media üçün hüquqi çərçivənin məhdud olması geniş yayılmış özünüsenzuraya səbəb olub və müstəqil jurnalistikanın imkanlarını ciddi şəkildə kiçildib. Hakimiyyət orqanlarının sosial şəbəkələri izləyəcəyini bəyan etməsi səbəbindən siyasi debat daha da azalmışdır.
ATƏT PA nümayəndə heyətinin rəhbəri Lusi Potuçková deyir: “Bu seçkilərdə əhali arasında geniş yayılmış siyasi laqeydliyə səbəb olan həqiqi seçim və iştirakın olmaması aydın idi. Eynisi ilə, KİV-lərə qarşı tətbiq edilən məhdudiyyətlər və qeyri-hökumət təşkilatlarına təzyiqlərin artması, o cümlədən ixtiyari həbslər kimi narahatedici tendensiyalar siyasi müzakirələri ciddi şəkildə zəiflətmiş olur. Əsaslı islahatlar və dəyişiklik olmasa, bu məsələlər ölkədə demokratiya və qanunun aliliyinə xələl gətirməkdə davam edəcək”.
Qanun yerli və beynəlxalq seçki müşahidəçilərinin iştirakına icazə versə də, yerli müşahidəçilərin böyük əksəriyyəti hakim partiya və əlaqəli namizədlər tərəfindən irəli sürülüb və bu da müstəqil müşahidəçilərin seçki prosesinə çıxışı ilə bağlı narahatlıqlar yaratmışdır. Eyni zamanda, məhdudlaşdırıcı hüquqi müddəalar tanınmış vətəndaş seçki müşahidəçi qrupları qeydiyyatdan keçməmiş və maliyyə vəsaitindən məhrum olması ilə nəticələnib və bir sıra tanınmış nümayəndələr hələ də istintaq altında və ya həbsdədir.
“Təəssüf ki, bu seçkilərdə həqiqi siyasi pluralism olmayıb, iştirak etmək istəyən çoxsaylı namizədlər ciddi maneələrlə üzləşib, seçki komissiyaları qərəzsiz deyildi və çoxsaylı yerli müşahidəçilərinin fəaliyyətini mümkünsüz edən məhdudiyyətlər mövcud idi”, - deyə DTİHB seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib. “Prosesin effektivliyinə baxmayaraq, bu şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib. Bütün vətəndaşların xeyrinə ümumi prosesin yaxşılaşdırılması üçün uzunmüddətli tövsiyələrimizin həyata keçirilməsində hakimiyyət orqanlarına dəstək göstərməyə hazırıq.”
Qadınlar qeydiyyatdan keçmiş namizədlərin ümumi sayının 30 faizini təşkil edirdi ki, bu da əvvəlki seçkilərdə olan 21 faizlik göstəricidən əhəmiyyətli artımdır. Mərkəzi Seçki Komissiyasında vəziyyətin eyni səviyyədə olmasına baxmayaraq, qadılnar aşağı səviyyəli seçki komissiyalarında da geniş təmsil olunurdular. Ümumilikdə isə, qadınlar seçilmiş və təyin olunmuş vəzifələrdə kifayət qədər təmsil olunmur və onların siyasi iştirakını təşviq etmək üçün xüsusi tədbirlər həyata keçirilmir.
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq seçki müşahidə missiyası 34 ölkədən 279 müşahidəçidən ibarət olub, bunlardan 225-sı DTİHB-nin ezam olunmuş ekspertləri, uzunmüddətli və qısamüddətli müşahidəçiləri, 54-ü isə ATƏT PA təmsil edir.
Əlavə məlumat əldə etmək üçün aşağıdakı nümayəndələrlə əlaqə saxlamağınız xahiş olunur:
Katya Andruş, DTİHB: +48 609 522 266 və ya [email protected]
Anjelika İvanişçeva, ATƏT PA: + 45 60 10 80 30 və ya [email protected]