Beynəlxalq müşahidəçilər Azərbaycanda prezident seçkilərinin məhdud şəraitdə həqiqi siyasi alternativlərin olmaması xarakterizə edildiyini qeyd edirlər
BAKI, 8 fevral 2024-cü il – Bu, Azərbaycan Respublikasının bütün beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki idi. Bu mövzu kampaniyada üstünlük təşkil edib və ictimai əhval-ruhiyyəni əks etdirib. Seçkiyə hazırlıq səmərəli və peşəkar olsa da, prosesdə həqiqi plüralizm yox idi və tənqidi səslər davamlı olaraq boğulmaqda idi. Beynəlxalq müşahidəçilər bu gün yaydıqları bəyanatda bildiriblər ki, birləşmək və ifadə azadlıqlarına uzunmüddətli məhdudiyyətlər son qanun dəyişiklikləri ilə daha dərinləşib və qanunvericilik beynəlxalq demokratik standartlara uyğun gəlmir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə müşahidə missiyası belə qənaətə gəlib ki, seçki məcəlləsinin təfərrüatlı olmasına və seçki prosesinin bütün aspektlərini tənzimləməsinə baxmayaraq, son düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini diqqətdən kənarda qoyub.
“Biz müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının bütün ərazisində keçirilən bu ilk prezident seçkilərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyündə tarixi bir məqamın şahidi olduq”, - ATƏT-in qısamüddətli müşahidəçilərinin xüsusi əlaqələndiricisi və rəhbəri Artur Qerasimov bildirib. “Növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı şəraitdə keçirildi və səmərəli şəkildə hazırlansa da, tənqidi səslər və siyasi alternativlər, əsasən, yox səviyyəsində idi. Təəssüflər olsun ki, hüquqi çərçivənin demokratik seçkilər üçün beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı əvvəlki tövsiyələr diqqətdən kənarda qalıb və qanun və təcrübədə çoxsaylı məhdudiyyətlər mövcud olmaqda davam edir.”
Kampaniya bütün müddət ərzində süst keçmiş, mənalı ictimai iştirakı cəlb etməmiş və rəqabətli olmamışdır. Kampaniyada altı başqa namizəd iştirak etsə də, onların heç biri öz kampaniyalarında hazırkı Prezidentin siyasətinə inandırıcı şəkildə etiraz etməmiş və seçiciləri həqiqi alternativsiz qoymuşdur. Vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri qeyd ediblər ki, qanunvericilik bazası və onun tətbiqi onların həm seçki ərəfəsində, həm də təşviqat dövründən kənarda sərbəst toplaşmaq və ictimai toplantılar keçirmək hüququndan istifadəsini çətinləşdirir.
Qanunvericilikdə qadınlara və kişilərə bərabər münasibət təsbit edilsə də, qadınların iştirakını təşviq etmək üçün xüsusi tədbirlər yoxdur və qadınlar ictimai və siyasi həyatın bütün aspektlərində kifayət qədər təmsil olunmur. Qadınlar yerli səviyyədə yaxşı təmsil olunsa da, 2013-cü ildən bəri heç bir qadın prezident seçkilərində iştirak etməyib.
Daniela De Ridder, ATƏT PA nümayəndə heyətinin rəhbəri qeyd edir: "Bu seçkiləri müşahidə edərkən mən siyasi alternativlər arasında cəlbedici və məlumatlandırıcı ictimai kampaniyanın güclü olmadığını müşahidə etdim. Media mühitinin həddən artıq məhdud olmaqda qalması seçiciləri səsvermə günü seçimlərinə dair mənalı məlumatlanmaq imkanından məhrum etdi. Qadınlar seçki günü təşkilati işlərin əksəriyyətini çiyinlərinə götürsələr də, siyasi həyatda kifayət qədər az təmsil olunurlar. Bu, siyasətdə bərabər iştiraka zəmanət verən qanunların tətbiqinə ehtiyac olduğunu göstərir".
Dünənki seçkilərdə 6,5 milyon seçici qeydə alınıb. Seçki günü bütövlükdə sakit və nizam-intizamlı keçib, lakin müşahidəçilər əsasən səsvermənin məxfiliyi, təkrar səsverməyə qarşı təminatların olmaması, bülletenlərin qutulara topa atılması əlamətləri və seçici siyahılarında oxşar imzalarla bağlı əhəmiyyətli çatışmazlıqları qeyd ediblər. Bu, bülletenlərin düzgün sayılıb protokollaşdırmasına dair ciddi suallar yaratdı.
Müşahidə edilən seçki məntəqələrinin demək olar ki, 80 faizi əlil seçicilərin müstəqil əlçatımlığnı təmin edə bilməyib.
Həddindən artıq məhdudlaşdırıcı media qanunvericiliyi, eləcə də tənqidi jurnalistlərin son həbsləri medianın azad fəaliyyətinə mane olub və geniş yayılmış özünüsenzuraya gətirib çıxarıb, müstəqil jurnalistika və tənqidi debatların əhatə dairəsini məhdudlaşdırıb. Namizədlərin və təşviqatın minimum işıqlandırılması seçicilərin seçki günü məlumatlı seçim etmək üçün namizədlər və onların proqramları haqqında məlumat əldə etmək imkanını azaldıb.
DTİHB-nin seçki müşahidə missiyasına rəhbərlik edən Eoan Mörfi deyib: “Ölkə üçün mühüm olan bu seçkidə namizədlərdən heç biri hazırkı Prezidentin mövqeyini inandırıcı şəkildə mübahisələndirməyib və bəzi müxalifət partiyaları adekvat demokratik şəraitin olmadığını iddia edərək, ümumiyyətlə iştirak etmədilər. Məntəqə komissiya üzvlərinin təlimi daxil olmaqla, seçkiyə hazırlıq səmərəli və peşəkar olsa da, seçki günü mühüm təminatlara çox vaxt məhəl qoyulmayıb və gün ərzində əsaslı prosedur səhvləri müşahidə edirdik”.
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq seçki müşahidə missiyası 42 ölkədən 335 müşahidəçidən ibarət olub ki, bunlardan 256-sı DTİHB-nin ezam olunmuş ekspertləri, uzunmüddətli və qısamüddətli müşahidəçiləri, 79-u isə ATƏT PA-dandır.
Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraicət edin:
Katya Andruş, DTİHB: +48 609 522 266 or [email protected]
Anjelika İvanişçeva, ATƏT PA: + 45 60 10 80 30 or [email protected]