ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycanda media azadlığının təkmilləşdirilməsi üçün köməklik təklif edir
BAKI, 13 may 2011-ci il – ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Bakıya dörd günlük səfərini bu gün tamamlayıb. Səfər çərçivəsində o, Azərbaycan hakimiyyətini media azadlığını təkmilləşdirməyə çağırıb və media qanunlarında islahat aparmaq üçün rəhbərlik etdiyi Ofisin köməkliyini təklif edib.
Prezident İlham Əliyevin dəvətindən sonra, Miyatoviç ilk dəfədir ki Bakıya səfər edir.
Miyatoviç deyib: “Azərbaycanın dövlət rəsmiləri ilə medianın hüquqi çərçivəsi və media azadlığı sahəsində son zamanlar baş verən inkişaf haqqında açıq və səmimi müzakirələr apardım. Mənim qaldırdığım məsələlər ciddi qəbul edildi.”
“Biz, Azərbaycanın ATƏT-in media sahəsindəki öhdəliklərini tam yerinə yetirməsi üçün media azadlığı ilə əlaqədar vəziyyətin daha da təkmilləşdirilməsinə ehtiyacın olması fikri ilə razılaşdıq. Prezident Əliyev məni əmin etdi ki, media mühitində islahatlar Azərbaycanın müasirləşmə planlarının bir hissəsi kimi davam etdiriləcək. O həmçinin məni əmin etdi ki, İnternetin sərbəst fəaliyyəti davam edəcək.”
Miyatoviç bütün jurnalistlərə qarşı hücumlar törətmiş, o cümlədən Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini törətmiş cinayətkarlar və onların təşkilatçılarının ədalət qarşısına çıxardılmasını tələb edib. O, həmçinin, icra qurumlarını mediaya qarşı zorakılığın qarşısının alınmasına, jurnalistlərin və ictimai media fəallarının fəaliyyətlərinin azad və təhlükəsiz mühitdə icra etməsinə imkan yaratmağa çağırıb. Bundan başqa, bu yaxınlarda Azadlıq qəzetinin iki jurnalistinə qarşı törədilmiş təqib və təzyiq məsələsini icra qurumlarının qarşısında qaldırıb və son nümayişlər zamanı jurnalistlərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər haqqında narahatlığını bildirib.
“Hakimiyyət kütləvi informasiya vasitələrində, xüsusilə də yayım mediasında, daha çox plüralizmə imkan yaratmalıdır. Bütün KİV-lərə məlumat əldə etmə imkanı verilməlidir. Son illər KİV haqqında qanunvericiliyə edilmiş məhdudlaşdırıcı düzəlişlər aradan qaldırılmalı, Milli Televiziya və Radio Şurasının fəaliyyəti və hesabatlılığına dair şəffaflıq təmin olunmalı və İctimai Yayım Xidmətinin siyasi müstəqilliyi təmin edilməlidir.”
Miyatoviç rəhbərlik etdiyi Ofis tərəfindən media qanunvericiliyində islahat aparılmasına dair köməkliyini təklif edib. Səfəri çərçivəsində o, mayın 11-də ATƏT-in Bakı Ofisi ilə Mətbuat Şurasının təşkil etdiyi konfransda iştirak edib. Miyatoviç konfransda beynəlxalq standartlara uyğun olaraq diffamasiyasnın dekriminnalşdırılması dair qanunun tezliklə qəbul olunacağına ümidini ifadə edib.
Prezident Əliyevlə görüşdən əlavə Miyatoviç Xarici İşlər Naziri Elmar Məmmədyarov, Daxil İşlər Naziri Ramil Usubov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, İnsan Hüquqları Müvəkkili Elmira Süleymanova, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə də danışıqlar aparıb. O həmçinin jurnalistlər və media məsələləri üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşüb.
10 may tarixində Miyatoviç həbsdə olan qəzet redaktoru Eynulla Fətullayevə baş çəkib.