ATƏT Azərbaycanda qadınların siyasi partiyalarda iştirakını dəstəkləyir
BAKI, 21 iyun 2012 – Bu gün Bakıda “Azərbaycanda siyasi partiyalarda qadınların iştirakının artırılması” mövzusunda təlim öz işinə başlayır.
ATƏT-in Bakı Ofisi təşkilatçılığı və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) dəstəyi ilə ərsəyə gəlmiş iki günlük tədbir siyasi partiyaların təxminən 30 yüksək səviyyəli rəsmilərini bir araya gətirib.
ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Melissa Stoun: “Nümayəndəli demokratiyanın əsas prinsiplərindən biri ölkə rəhbərliyinin əhalinin tərkibini əks etdirməsidir. Bir çox ölkələrdə də adətən qadınlar əhalinin yarıdan çoxunu təşkil edirlər. Siyasi partiyaların seçkili vəzifələrə və siyasi liderliyə çıxış üçün ilkin və birbaşa vasitə olduğunu nəzərə alsaq, qadınların siyasi partiya dəyərləri, praktikası, strukturları və siyasətlərinə cəlb olunması siyasi həyatda qadın və kişilərin bərabər iştirakı üçün çox vacibdir”.
“Təsadüfi deyil ki, dünyada sülh və inkişaf baxımından ən təhlükəsiz ölkələr məhz parlamentlərində qadınların daha yaxşı təmsil olunduğu ölkələrdir”.
İştirakçılar demokratiyanın inkişafı yollarını, siyasi partiyalarda qadınların iştirakının artırılmasında vətəndaş cəmiyyəti təşkilatları və siyasi partiyaların rolunu, eləcə də qanunverici təşəbbüsləri, mövcud maneələr və stereotiplərin aradan qaldırılmasını və ATƏT regionunda ən yaxşı təcrübələri yerli və beynəlxalq ekspertlərlə müzakirə edəcəklər.
“Siyasi partiyalar qadınların həm seçici, həm də namizəd kimi siyasi həyatda iştirakının səviyyəsini artırmaqda başlıca rol oynaya bilər”, DTİHB-nun Layihə mütəxəssisi, Diana Digol vurğuladı. “Qadınların yüksək vəzifələrə seçilmək imkanları siyasi partiyaların dəstəyi olmadan genişlənə bilməz”.
Son illərdə Azərbaycan qadınların seçkili vəzifələrdə təmsil olunması baxımından irəliləyiş əldə edib. 2005-2010-cu illər ərzində qadın millət vəkillərinin sayı 11-dən 16 faizə qədər, 2004-2009-cu illərdə isə qadın bələdiyyə nümayəndələrinin sayı 4-dən 26 faizə qədər artıb.